Mədəniyyət Nazirliyinin abidələr və mədəniyyət müəssisələri üzrə ixtisaslı nümayəndələri tərəfindən işğaldan azad olunmuş rayonların ərazilərində monitorinqlərə başlanılıb. Bu barədə nazirlikdən məlumat verilir.
“Aparılan ilkin monitorinqlər zamanı 56 mədəniyyət müəssisəsi, o cümlədən 25 kitabxana, 19 mədəniyyət evi və klub müəssisəsi, 7 muzey, 5 uşaq musiqi məktəbi aşkar edilib. Bütün müəssisələr demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir”, - məlumatda qeyd olunur.
İlkin monitorinqlər zamanı 49 tarix-mədəniyyət abidəsinə, tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyektə, o cümlədən Xocavənd rayonunun Hadrud qəsəbəsində Alban məbədinə (1170-ci il), Zəngilan rayonunun Əmirxanlı kəndində Qız qalasına (XII əsr), Məmmədbəyli kəndində Səkkizguşəli türbəyə (1304-1305-ci illər), Füzuli rayonunun Qarğabazar kəndində karvansaraya (XVII əsr) baxış keçirilib.
“28 abidənin işğalçılar tərəfindən tamamilə dağıdıldığı və yalnız qalıqlarının olduğu aşkar edilib. İşğaldan azad edilmiş ərazilərdə monitorinqlərin aparılması davam etdirilir”, - məlumatda qeyd olunur. **
Ə.Məmmədov