Azərbaycan və Ermənistan arasında Şuşa ətrafında gedən döyüşlərdə həlak olan bir neçə hərbi qulluqçunun cəsədlərinin mübadiləsi həyata keçirilib. Bu barədə Müdeafiə Nazirliyi məlumat verir.
“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin cəsədlərinin toplanılması həyata keçirilib. Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib. Həmçinin, aksiya çərçivəsində Şuşa şəhəri ətrafında gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun altı hərbi qulluqçusunun cəsədi təhvil alınıb”, - nazirlikdən qeyd olunur.
NB xatırladır ki,
humanitar aksiya Azərbaycan prezidentinin, Ermənistan baş nazirinin və Rusiya prezidentinin 10 noyabr 2020-ci il tarixli Bəyanatının səkkizinci bəndinə uyğun olaraq həyata keçirilib.
“Bu humanitar aksiyanın təşkilinə görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə və şəxsən müdafiə naziri ordu generalı Sergey Şoyquya minnətdarlığımızı bildiririk”, - nazirlikdən vurğulanır. **
N.Abbasova