Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunu tərk edən erməni əhali bu ərazilərdə ekoloji terror ilə məşğul olur. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Bu hərəkətlər beynəlxalq KİV tərəfindən də geniş işıqlandırılıb, Azərbaycanın Kəlbəcər rayonunda qanunsuz məskunlaşan erməni əhali bu ərazini tərk edərkən mülki obyektləri və meşələri yandırır, ekologiyaya ciddi zərər vurur. Bu, vəhşilik və barbarlıq aktlarıdır. Kəlbəcər rayonu geniş meşə massivinə və zəngin flora və faunaya malikdir və bu, ekoloji terror və ətraf mühitə zərər vermək cəhdlərinin qarşısı alınmalıdır”, - Hacıyev bildirib.
O, həmçinin qeyd edib ki, rayonun işğalı dövründə bu ərazidə Ermənistan tərəfindən bəzi tikililər inşa olunub, bu da beynəlxalq hüquq nöqteyi-nəzərindən qanuna ziddir.
“Müşahidə olunan daha bir tendensiya ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş ərazilərini tərk edərkən erməni əhali maddi və mənəvi mədəniyyət abidələrinə də zərər vurur, Ağdam rayonu yaxınlığında qanunsuz arxeoloji qazıntılar zamanı aşka edilən Azərbaycanın mədəni-tarixi irsinə aid arxeoloji tapıntıları da özü ilə aparır. Bu, bir sıra beynəlxalq konvesiyalara ziddir”, - Hacıyev bildirib. **
N.Abbasova