Azərbaycan Silahlı Qüvvələri Kəlbəcər rayonundan erməni əhalisi çıxandan sonra həmin rayonda yerləşdirilməyə hazırdır. Bunu Müdafiə NazirliyininBeynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov deyib.
“Tam məsuliyyətlə bəyan edirik ki, Kəlbəcər rayoundan erməni əhalisi çıxandan sonra Azərbaycan Silahlı Qüvvələrin orada yerləşdiriləcək hissələri artıq hazırdır”, - Mahmudov bazar günü brifinqdə bildirib.
Onun sözlərinə görə, erməni əhalisi regionu tərk edir. “Heç bir təxribat müşahidə etmirik”, - Mahmudov əlavə edib.
Xəbər verildiyi kimi, Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən, Kəlbəcər rayonu noyabrın 15-dək Azərbaycana qaytarılmalıdır. Lakin, Ermənistan tərəfi bu tarixin noyabrın 25-dək uzadılmasını xahiş edib. Bakı humanizm prinsipləri əsasında bu vaxtı uzatmağa razılıq verib. **