«BKR Ishik Colsulting» MMC “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə şirkətlərində audit aparacaq.
www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, «BKR Ishik Colsulting» şirkəti ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisələrində nizamnamə kapitalının formalaşmasının düzgünlüyünün auditinin keçirilməsi və buna dair müstəqil auditor rəyinin təqdim edilməsi haqqında müqavilə imzalanıb.
Müqavilənin dəyəri 7,5 min manatdır.
Prezident İlham Əliyev 6 noyabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması haqqında fərman imzalayıb. “Azərbaycan Sənaye Korporasiyası” dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 500 milyon manat təşkil edir.*
B.Rüstəmbəyov