2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $3 milyard 466 milyon 667,43 min təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 35,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $21 milyard 1 milyon 379,75 min (2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə azalma 25,7% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $12 milyard 234 milyon 23,59 min (azalma 27,3%), idxalın həcmi $8 milyard 767 milyon 356,16 min (azalma 23,5%) təşkil edib.
İxracın strukturunda əsas həcm (88,19%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 15,2% ərzaq məhsullarının, 0,8% tütün və tütün məhsullarının, 3,47% əczaçılıq məhsullarının, 0,99% gübrələrin, 3,28% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,51% odun və agac məhsullarının, 2,02% geyim və geyim aksessuarlarının, 9,29% qara metal və ondan hazırlanan məmulatların, 23,58% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 13,65% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,72% mebelin, 24,49% digər məhsulların payına düşüb.
Yanvar-oktyabr aylarında xarici ticarət əməliyyatlarında 7,655 min özəl və dövlət müəssisəsi və 31,441 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 182 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-oktyabr aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 31,72%-i), Türkiyə (18,96%), Rusiya (4,62%), Xorvatiya (3,67%), Yunanıstan (3,54%), Çin (3,45%), Hindistan (3,37%), İsrail (3,36%), Gürcüstan (3,33%) və İspaniya (2,68%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (18,58%), Türkiyə (14,51%), Çin (13,05%), ABŞ (6,47%), Almaniya (5,34%), Ukrayna (3,95%), Fransa (3,93%), İtaliya (3,89%), Böyük Britaniya (2,77%) və İranla (2,73%) həyata keçirib.*
Ə.Məmmədov