“Wood Mackenzie” Trans-Adriatik boru kəmərinin (TAP) 20 milyard kubmetrə qədər genişləndirilməsi perspektivlərini müsbət qiymətləndirir. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu şirkətin tədqiqatlar üzrə direktoru Marrey Duqlas deyib.
"Avropada “yaşıl sövdələşmə”yə və bazarda mövcud qeyri-müəyyənliyə baxmayaraq, TAP-ın genişləndirilməsi perspektivlərini müsbət qiymətləndiririk. Lakin TAP-ın inşasına başlanıldığı 2016-cı ildən etibarən regionda qazın dinamikası dəyişib, bu, xüsusilə bu yaxınlarda Türkiyənin Qara dənizdə nəhəng qaz ehtiyatı kəşf etməsi, həmçinin Rusiya qazı da daxil olmaqla, daha sərfəli tədarük alternativlərinin olması sayəsində baş verib", - deyə Duqlasın şərhində bildirilir.
Onun sözlərinə görə, 4,5 milyard avro büdcə ilə 4,5 il ərzində inşa edilmiş və ildə 10 milyard kubmetr ötürmə qabiliyyətinə malik olan TAP qaz kəmərinin kommersiya əməliyyatlarına hazır olması bütün maraqlı tərəflər üçün çoxdan gözlənilən olub.
"Bu, Azərbaycan qazının müqavilələr üzrə Türkiyədən kənara ilk tədarüküdür, o, Aİ-yə qaz idxalı üçün dördüncü boru kəməri dəhlizini təmin edir. TAP Aİ-nin enerji təhlükəsizliyinə kömək edəcək, həmçinin İtaliya, Bolqarıstan və Yunanıstanın idxaldan asılı olan qaz bazarları üçün dönüş nöqtəsidir. TAP-ın istismara verilməsi dekarbonizasiya planlarını irəli çəkən İtaliya üçün təchizat imkanlarını genişləndirir", - deyə Duqlas qeyd edib.
O hesab edir ki, TAP-ın işə salınması "Cənub Qaz Dəhlizi" (CQD) layihəsinin yeni mərhələsi olacaq.
"İndi bütün diqqət 2021-ci ilin yayında TAP-ın bazar sınaqlarının vacib mərhələsinə yönəldiləcək. Bu, post-lokdaun dövründə Avropa qaz sahəsinin fundamental göstəricilərinin bərpası üçün siqnal ola bilər", - deyə direktor hesab edir.
TAP AG konsorsiumu noyabrın 15-də qaz kəmərinin Azərbaycan qazının Avropaya kommersiya tədarükünə hazır olduğunu bildirib.
Trans-Adriatik boru kəmərinin tikintisi üzrə konsorsium 2020-ci il oktyabr ayının 13-də qaz kəmərinin tikintisinin başa çatdığını elan edib.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Azərbaycan qazının TAP ilə Avropaya nəqlinə 2020-ci ilin sonunadək başlanılacaq.
Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
Layihənin dəyəri 4,5 milyard avrodur.
TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.*
N.Abbasova