“PAŞA Bank” ASC Şuşa şəhərində filialını açmağa hazır olduğunu açıqlayıb.
“Müvafiq qərar “PAŞA Bank”ın 2021-2023-cü illəri əhatə edən yeni İnkişaf Strategiyasında əksini tapacaq”, - deyə bankın məlumatında bildirilir.
“İşğaldan azad edilmiş ərazilər kənd təsərrüfatı, qiymətli metalların hasilatı, nəqliyyat və logistika, turizm və otelçilik, İT və iqtisadiyyatın real sektorunun bir çox digər seqmentləri üzrə fəaliyyət sahələrində misilsiz iqtisadi potensiala malikdir. Şuşada “PAŞA Bank”ın filialını açmaqla biz bütün təcrübə və biliklərimizi tətbiq etməklə dövlətin azad edilmiş ərazilərə yönəlmiş bütün təşəbbüslərinin və reinteqrasiyanın həyata keçirməsinə, eləcə də sahibkarlığın inkişafına və həm ölkə daxili, həm də xaricdəki tərəfdaşlarla əlaqələrin qurulmasında dəstək verməyə hazırıq”, - deyə bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının üçlüyünə daxildir. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir.*
X.Nəsirzadə