Beynəlxalq Qırmızı Xaç Komitəsi Dağlıq Qarabağda əsirlərin dəyişdirilməsinə imkan yaratmağa hazırdır, lakin hesab edir ki, bu, münaqişə tərəflərinin həll etməli olduğu siyasi məsələdir. Bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer deyib.
“Bəli, kiçik miqyaslı mübadilələr həyata keçirilir. Hesab edirik ki, əsirlərin dəyişdirilməsi - münaqişə tərəflərinin özlərinin razılığa gəlməli olduğu siyasi məsələdir. BQXK bu cür mübadilələrə şərait yaratmağa hazırdır, ancaq biz vasitəçi olmaq istəmirik. Ən çoxu, biz köməklik edirik və ya sazişlərin texniki implementasiyası ilə məşğul oluruq”, - Maurer “İnterfaks”a müsahibəsində bildirib.
O vurğulayıb ki, tərəflər hərbi əsirlərin olması barədə BQXK-ni məlumatlandırmalıdırlar. Bu proses aparılır, lakin aktivləşməsi tələb olunur. Eyni zamanda, BQXK yalnız tərəflərin razılığı ilə saxlanılan şəxslərin sayı barədə ictimaiyyətə məlumat verə bilər və bu sadəcə əsirlərin mübadiləsi zamanı məlum olacaq.
Maurer qeyd edib ki, Komitə rusiyalı sülhməramlıların dəstəyi ilə həlak olanların cəsədlərinin tərəflərə qaytarılması ilə bağlı səy göstərir. **