2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 7 milyard 480 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 1,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 3 milyard 634,3 milyon manat məbləğində heyvandarlıq, 3 milyard 845,7 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3%, bitkiçilik məhsullarının istehsal həcmi 0,2% artıb.
Cari ilin 10 ayı ərzində respublikada 443,2 min ton ət (artım 3,1%), 1 milyon 781,7 min ton süd (artım 1,7%), 1 milyon 616,3 milyon ədəd yumurta (artım 5,5%), 15,9 min ton yun (artım 0,2%) istehsal edilib.
Hesabat dövründə Azərbaycanda 2 milyon 930,7 min ton dənlilər və dənli paxlalı bitkilər (azalma 9,8%), 249,8 min ton qarğıdalı (artım 9,9%), 1 milyon 602,9 min ton tərəvəz (artım 4,2%), 982,1 min ton kartof (artım 1,6%), 448,1 min ton bostan bitkiləri (artım 0,1%), 946,8 min ton meyvə və giləmeyvə (artım 4,2%), 193,9 min ton üzüm (artım 1,8%), 882,8 ton yaşıl çay (azalma 1,3%), 24,7 min ton günəbaxan (azalma 28%), 176,9 min ton şəkər çuğunduru (artım 2,1%), 5,7 min ton tütün (artım 11,8%), yığılıb.
DSK-nın məlumatına görə, ölkənin əksər rayonlarında məhsul yığımı başa çatmaq üzrədir.
2019-cu ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 7,2% artıb.**
X.Nəsirzadə