Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Qarabağda hərbi əməliyyatlar dövründə
çox güclü xarici təzyiqə baxmayaraq, sözünün üstündə durub və ölkənin ərazi bütövlüyünü təmin edib.
“Bu 44 gün ərzində demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Mən demişdim ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik”, - Əliyev Füzuli rayonuna səfəri zamanı bildirib.
O qeyd edib ki, ikinci Qarabağ müharibəsi göstərdi ki, Azərbaycan heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq.
“Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm”, - prezident əlavə edib. **
A.Əzizov