RF prezidenti Rusiya sülhməramlılarının Dağlıq Qarabağ ərazisində fəaliyyəti üçün Federasiya Şurasının razılığını istəyir, çünki onların missiyası uzunmüddətli xarakter daşıyır. Bunu Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin rəhbəri Andrey Klişas deyib.
"Hazırda 5 il və ya daha çox davam edəcək əməliyyata razılıq tələb olunur. Orada vəzifələrin dairəsi daha geniş olduğundan belə əməliyyatlar üçün Federasiya Şurasının razılığı tələb olunur", - deyə Klişas bu gün Federasiya Şurasında RF silahlı qüvvələrindən ölkə hüdudlarından kənarda istifadə məsələsinə baxılmazdan əvvəl "İnterfaks"a bildirib.
O, Rusiya hərbi kontingentinin məsələyə Federasiya Şurası tərəfindən baxılmazdan əvvəl Qarabağ zonasında yerləşdirilməsinin səbəbini izah edib. "Helikopterimizi vurdular (azərbaycanlılar - İF), iki hərbçimiz həlak oldu. “Müdafiə haqqında” qanuna və Federasiya Şurasının 2009-cu il tarixli qərarına əsasən, prezident operativ məsələlərin həlli üçün Federasiya Şurasının razılığı olmadan qoşun göndərmək hüququna malikdir", - deyə senator qeyd edib.
Onun sözlərinə görə, prezidentin bu gün Federasiya Şurasının iclasında baxılacaq sorğusunda söhbətin Qarabağdakı Rusiya sülhməramlılarından getdiyinə dair göstəriş var.*