Azərbaycanda “Qarabağ” yatağının işlənməsi layihəsi üzrə birgə əməliyyat şirkətinin filialı qeydiyyata alınıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Dövlət Vergi Xidmətindən məlumat verilib.
"Karabakh Joint Operating Company B. V" şirkətinin Azərbaycandakı filialının qanuni təmsilçisi Tahir Dadaşovdur.
Filial sentyabrın 22-də dövlət qeydiyyatına alınıb.
31 may 2018-ci il tarixində Bakıda SOCAR və “Equinor” arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) haqqında saziş imzalanıb. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılıb.
SOCAR və “Equinor” şirkətləri cari ilin mart ayında qiymətləndirmə quyusunda qazma işlərinin nəticələrinə əsasən “Qarabağ” yatağının kəşf olunduğunu təsdiq ediblər. Yatağın ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır. Yataqdan çıxarıla bilən neft ehtiyatları 21 milyon tondan artıq, qaz ehtiyatları isə 13 milyard kubmetr həcmində hesablanır.
Yataqda neft hasilatına 2022-ci ilin IV rübündə, qaz hasilatına 2023-cü ildə başlanılması planlaşdırılır. “Qarabağ” yatağından hasilatın 2026-cı ildə pik həddə çatacağı gözlənilir. Yataqdan gündəlik 5 min tondan çox, maksimum 4,5 milyon kubmetr qaz hasilatı nəzərdə tutulur.
Yataqdan 6 neft quyusunun, 3 qaz və 3 suvurma quyusunun qazılması planlaşdırılır.
“Qarabağ” yatağı Bakıdan 120 km şərqdə yerləşir. Yatağın ərazisində dənizin dərinliyi 180 metrdir.*
N.Abbasova