Ermənistan və Rusiyanın müdafiə nazirləri David Tonoyan və Sergey Şoyqu telefon danışığı zamanı Dağlıq Qarabağda əməliyyat şəraitini müzakirə ediblər. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı cari məsələlər və Dağlıq Qarabağda əməliyyat şəraiti müzakirə olunub", - deyə məlumatda bildirilir.
"Tonoyan həlak olmuş hərbçilərin, əsirlərin və itkin düşənlərin meyitlərinin axtarışı və mübadiləsinin təşkilinə görə Rusiya tərəfinə təşəkkürünü bildirib. Qarabağda humanitar vəziyyətə xüsusi diqqət yetirilib", - deyə məlumatda qeyd olunur.
Ermənistan müdafiə naziri Dağlıq Qarabağda qaçqınların geri qaytarılması, infrastrukturun bərpası, həlak olmuş, əsir və itkin düşmüş şəxslərin axtarışı ilə məşğul olacaq RF idarələrarası humanitar əməliyyatlar mərkəzinin yaradılmasını dəstəklədiyini bildirib.
"Zərurət yaranarsa, Rusiya, Ermənistan və Azərbaycan Müdafiə nazirlikləri arasında bu sahədə üçtərəfli sənədin imzalanmasına dair razılıq əldə olunub", - deyə məlumatda bildirilir.*