Rusiya sülhməramlıları Dağlıq Qarabağda bəzi postların yerini dəyişdiriblər. Bu barədə bu gün RF Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
"Yaranmış vəziyyəti nəzərə alaraq Rusiya kontingentinin komandanlığı tərəfindən müşahidə postlarının yeri və tərkibi dəqiqləşdirilib", - deyə Konaşenkov brifinqdə bildirib.
O qeyd edib ki, atəşkəs rejiminə riayət olunmasına nəzarət sülhməramlı bölmələr tərəfindən 23 müşahidə postunda həyata keçirilir. Bütün təmas xətti boyu atəşkəs rejiminə əməl olunur.
"Şimal məsuliyyət zonasında 11, cənub məsuliyyət zonasında 12 müşahidə postu qurulub. Postların və məsuliyyət zonalarının yerinin dəyişdirilməsi xəritədə əks olunub", - deyə o əlavə edib.
Konaşenkov xatırladıb ki, Xankəndidə yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komanda məntəqəsindən sülhməramlı əməliyyatlar idarə edilir.
"Rusiya sülhməramlı kontingenti və hərbi polis patrulları Laçın dəhlizi ilə Xankəndiyə qədər avtomobil yolu ilə mülki avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin edir", - deyə nazirliyin nümayəndəsi qeyd edib.*