2020-ci ilin yanvar-sentyabr aylarında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 29 milyon 865,6 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 23% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəhliz çərçivəsində 9 milyon 532,7 min ton yük və ya bütün yükdaşımaların 31,9%-i dəmir yolu nəqliyyatı (2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə azalma 2,7% - İF), 16 milyon 621,7 min tonu və ya 55,7%-i avtomobil nəqliyyatı (azalma 34,5%), 3 milyon 711,2 min tonu və ya 12,4%-i dəniz nəqliyyatının (azalma 0,3%) payına düşüb.
Yanvar-iyul aylarında avtomobil nəqliyyatı ilə daşımaların azalması COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərlə izah olunur.
Bu dövrdə TRACECA çərçivəsində yük daşımalarının ümumi həcmində 6 milyon 95,3 min ton və ya 20,4% (artım 1,9% - İF) tranzit yüklərin payına düşüb.
2019-cu ildə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 52 milyon 761,9 min ton yük, o cümlədən 8 milyon 77,2 min ton (15,3%) tranzit yük daşınıb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova