2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi 6,4% - 7 milyon 212,1 min tonadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yüklərin ümumi həcmindən 6 milyon 767,4 min ton və ya 93,8% beynəlxalq tranzit yüklərin, 6,2% yerli yüklərin payına düşüb. Tranzit daşımaların həcmi 2019-cu ilin yanvar-oktyabr aylarının göstəricisi ilə müqayisədə 8,9% artıb”, - Komitədən bildirilir.
Noyabrın 1-nə Azərbaycanın limanlarında 199,3 min ton yük qalıb.
2019-cu ildə dəniz limanlarında 8 milyon 247,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib, bunun 7 milyon 547,2 min tonu və ya 91,5%-i beynəlxalq tranzit yüklərin, 8,5%-i yerli yüklərin payına düşüb.
Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. Bundan başqa, 2014-cü ildə Ələt qəsəbəsində tikilən yeni Bakı Beynəlxalq Dəniz Limanı ərazisində bərə terminalı, 2018-ci ilin yanvar ayında isə Ro-Ro terminalı istifadəyə verilib.**
N.Abbasova