Azərbaycan 2020-ci ilin yanvar-sentyabr aylarında dünya bazarlarına 5 min 963,54 ton qızıl və gümüş ixrac edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə ixrac olunmuş qiymətli metalların dəyəri $151 milyon 878,17 min təşkil edib.
İxracın bütün həcmi İsveçrənin payına düşüb.
İxracın strukturunda qızılın payı 3 min 165,81 kq ($149 milyon 987,2 min), gümüşün payı 2 min 797,73 kq ($1 milyon 890,97 min) təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 min 679,1 kq qızıl (azalma 3,7%), 3 min 259 kq gümüş (artım 13,5%) hasil edilib. Oktyabrın 1-nə istehsalçı şirkətlərin anbarlarında hasil olunan qızıl ehtiyatı 357 kq, gümüş ehtiyatı – 167,2 kq təşkil edir.
2019-cu ildə Azərbaycan $172 milyon 435,3 min dəyərində 4 min 802,44 kq qızıl, $1 milyon 673,61 min dəyərində 3 min 151,97 kq gümüş ixrac edib.
Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yataqlarından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında şirkət “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.
Bundan başqa, prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl və gümüş hasilatı həyata keçirilir.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
N.Abbasova