Yanvar-oktyabr aylarında Azərbaycandan 23,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub ki, bu da 2019-cu ilin yanvar-oktyabr aylarına nisbətən 8,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 28,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2,3 milyon ton - 7,4% az olub. Respublika üzrə hasil edilmiş neftin 19,7 milyon tonu “Azəri-Çıraq-Günəşli” blokunun, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə hasilat isə 6,2 milyon ton təşkil edib”, - nazirlikdən qeyd ediblər.
2020-ci ilin yanvar-oktyabr ayları ərzində ölkədə neft emalı 4,8 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 246 min ton və ya 4,9% az olub.
“Yanvar-oktyabr aylarında 23,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub (azalma 2,2%). Həmçinin 22,6 milyon ton “Azəri-Çıraq-Günəşli” blokundan neftin və Şahdəniz” yatağından kondensatın, 1,2 milyon ton SOCAR-ın payına düşüb”, - nazirlikdən məlumat verilir. .
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 oktyabr tarixinədək ümumilikdə 549,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib və 549,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib. Həmçinin, AÇG blokundan 520,1 milyon ton neft, yataqdan – 29.6 milyon ton kondensat hasil olunub.
AÇG blokundan neft və səmt qazının hasilatına 1997-ci ilin noyabr ayından başlanılıb.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqaviləyə əsasən layihənin operatoru olan BP şirkəti (Britaniya) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, ITOCHU Oil (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% paya malikdir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir. Proqnozlara görə, 500 milyon tondan çox neft hasil olunacaq.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOIL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.**
N.Abbasova