Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib.
“Əziz həmvətənlər. Mən sizi Ağdam rayonunun işğaldan azad olunması münasibətilə ürəkdən təbrik edirəm. Bütün ağdamlıları ürəkdən təbrik edirəm. Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”, - deyə dövlət başçısı bildirib.
O qeyd edib ki, rayonun 73 faizi işğal edilmişdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Rəsmi Bakı uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdı. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır.
“Məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik”, - deyə prezident əlavə edib.
İ.Əliyev bildirib ki, işğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. “İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Rayonun 73 faizi işğal edilmişdi”, - deyə dövlət başçısı vurğulayıb.*
X.Nəsirzadə