Ağdam şəhərinin bərpa edilməsi üçün Baş plan hazırlanacaq. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu sözləri prezident İlham Əliyev deyib.
“Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək”, - deyə dövlət başçısı Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqına müraciətində bildirib.
Onun sözlərinə görə, Ağdam rayonu ərazisində ilk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır.
“İnzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur”, - deyə İ.Əliyev qeyd edib.
Prezident bildirib ki, hazırda Ağdam rayonu ərazisində 93 min nəfər yaşayır.
“Ağdam rayonunun bizim nəzarətimizdə olan hissəsində 18 köçkün şəhərciyi salınmışdır və biz Ağdam rayonuna 93 min köçkünü yerləşdirə bildik. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır”, - deyə İ.Əliyev əlavə edib.*
B.Rüstəmbəyov