Azərbaycan, Ermənistan və RF liderlərinin üçtərəfli Bəyanatı Azərbaycanın maraqlarına tam cavab verir. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu sözləri prezident İlham Əliyev deyib.
“Biz döyüş meydanında istədiyimizə nail olduq. Biz siyasi müstəvidə gücümüzü göstərdik və üçtərəfli Bəyanat bizim maraqlarımıza tam cavab verir”, - deyə dövlət başçısı bu gün xalqa müraciətində bildirib.
Onun sözlərinə görə, Azərbaycanın qələbəsi Ermənistanda böyük problemlər yaratdı.
“Amma baxın beynəlxalq təşkilatların buna reaksiyası nədir? Varmı reaksiya? Yoxdur. Ermənistanda gündə hansısa müxalifət lideri həbs olunur, özü də tamamilə əsassız. Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox. Bunu qınayıbmı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir nəfər də söz demir. Avropa Şurası haradasan? Azərbaycana xor gözlə baxan, bizi qaralamağa çalışan, haradasan Avropa Şurası, niyə susursan? Avropa Parlamenti Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib. Niyə susursan Avropa Parlamenti?, - deyə İ.Əliyev qeyd edib.
O vurğulayıb ki, indi Ermənistanda daxili böhran hökm sürür. “Bu da təbiidir. Çünki hərbi məğlubiyyət, özü də belə biabırçı məğlubiyyət, əlbəttə ki, istənilən ölkədə təlatümlərə gətirib çıxara bilər. Ona görə yəqin ki, indi bu böhran da keçəndən sonra əgər Ermənistanda sağlam qüvvələr hakimiyyətə gələrsə, biz o sağlam qüvvələrlə normal münasibətlər qurmağa hazırıq.Ancaq cəlladlarla, Azərbaycan xalqının qanını tökənlərlə bizim heç bir əlaqəmiz ola bilməz. Bunu hər kəs bilsin! Bundan sonra təbii ki, bu bölgədə Azərbaycanın imkanları genişlənəcək, o cümlədən təsir imkanları. Amma bizim imkanlarımız yalnız əməkdaşlığa hesablanıb”, - deyə prezident əlavə edib.*
N.Abbasova