Ağdam rayonu bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıdır, bu, hərbi qələbəmiz sayəsində mümkün olub. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu sözləri prezident İlham Əliyev deyib.
“Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi”, - deyə dövlət başçısı bu gün xalqa müraciətində bildirib.
O qeyd edib ki, Azərbaycanın döyüş meydanındakı qələbəsi siyasi qələbəni də şərtləndirdi.
“Bizim döyüş meydanındakı qələbəmiz siyasi qələbəmizi də şərtləndirdi. Ağdam rayonu bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıdır. Bu, böyük siyasi uğurumuzdur. Amma əgər o hərbi qələbə olmasaydı, bu da mümkün olmazdı. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır və bunu beynəlxalq ekspertlər də qeyd edirlər. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir”, - deyə prezident əlavə edib.
“Müharibəyə gəldikdə, bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər - 10 mindən çox fərari olub. Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi. Xocalı qatilləri, kəndlərimizi yandıran, insanlarımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla bilməz”, - deyə İ.Əliyev vurğulayıb.*
Ə.Məmmədov