Ermənistan saxtalaşdırılmış tarixdən əl çəkməli və qonşu ölkələrlə münasibətləri normallaşdırmalıdır. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu sözləri Prezident İlham Əliyev deyib.
“Ermənistanın ideoloji əsasları yalan üzərində qurulub, tarixi saxtakarlıq üzərində qurulub və keçmiş üzərində qurulub. Saxtalaşdırılmış keçmişdən əl çəkə bilməyən ölkə necə qabağa gedə bilər? Qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?”, – deyə dövlət başçısı bu gün xalqa müraciətində bildirib.
İ.Əliyev Ermənistanı qonşu ölkələrlə münasibətləri normallaşdırmaq üçün addım atmağa çağırıb. “Türkiyəyə qarşı ərazi iddiası. Azərbaycana qarşı ərazi iddiası. Onlar özləri öz bəlalarının səbəbkarlarıdır. Onlara vurulmuş bu zərbə, onların başına gələn bu hadisələr bəlkə də onları ayıltdı ki, onlar normal ölkə kimi bundan sonra yaşaya bilsinlər, əgər düzgün seçim etsələr, əgər qonşularla münasibətləri normallaşdırsalar”, - deyə prezident vurğulayıb.
“Bir daha demək istəyirəm ki, vahid Azərbaycan dövlətində yaşayan bütün xalqlar bərabər hüquqlara malikdir, o cümlədən erməni xalqı. Azərbaycanda minlərlə erməni yaşayır. Onlara bir söz deyən var ölkəmizdə? Yox. Azərbaycan vətəndaşları kimi normal yaşayırlar. Əminəm, bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də gün gələcək başa düşəcəklər ki, onlar üçün yeganə yol Azərbaycan xalqı ilə yanbayan yaşamaq, qonşuluq şəraitində yaşamaq və bütün bu çirkin əməllərdən əl çəkməkdir”, - deyə İ.Əliyev əlavə edib.*
Ə.Məmmədov