2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan bankları tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə $4,2 milyard məbləğində əməliyyat aparılıb ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 2,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“2020-ci ilin III rübü ərzində banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi $4.2 milyard ekvivalentində olub. Bunun $3.7 milyardını və ya 88.1%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - deyə məlumatda bildirilir.
III rübdə əməliyyatların həcmi $1 milyard təşkil edib ki, bunun da $0,8 milyardı ABŞ dolları ilə aparılmış əməliyyatların payına düşüb.
“Hesabat dövründə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 4.1% azalaraq $18.7 milyard ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 86.7%-i ABŞ dollarında, 13.3%-i isə digər valyutalarda aparılıb”, - deyə məlumatda qeyd olunur.
Valyuta əməliyyatlarının 36.2%-i banklararası valyuta bazarında (BVB), 63.8%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.*
Ə.Məmmədov