Baş Prokurorluq Rusiya Federasiyasının Baş Prokurorluğuna və digər ölkələrin hüquq-mühafizə orqanlarına hüquqi yardımın göstərilməsi haqqında rəsmi vəsatətlər göndərməklə, Semyon Peqov və Semyon Baqdasarovla bağlı zəruri istintaq hərəkətlərinin keçirilməsini xahiş edib.
"“WarGonzo” layihəsinin müəllifi Rusiya Federasiyasının vətəndaşı Semyon Vladimiroviç Peqov və Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru Rusiya Federasiyasının vətəndaşı Semyon Arkadeviç Baqdasarovun əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar), 283.2.1-ci (zor tətbiq etmə hədəsi ilə mill düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar kütləvi informasiya vasitələrindən istifadə edilməklə törədildikdə) maddələrinin əlamətləri mövcud olduğundan, toplanmış materiallar Baş Prokurorluğunun İstintaq İdarəsində Semyon Peqovun Azərbaycan Respublikasının dövlət sərhədini sənədlər olmadan qanunsuz keçməsi, ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməsi faktına dair Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaqı aparılan cinayət işinə əlavə edilməklə istintaq yolu ilə araşdırılması davam etdirilir”, - deyə Baş Prokurorluğun məlumatında bildirilir.
“Göstərilən xüsusatlarla əlaqədar cinayət işinin istintaqı çərçivəsində Rusiya Federasiyasının Baş Prokurorluğuna və digər ölkələrin hüquq-mühafizə orqanlarına hüquqi yardımın göstərilməsi haqqında rəsmi vəsatətlər göndərilməklə, Semyon Peqov və digərləri ilə bağlı zəruri istintaq hərəkətlərinin keçirilməsi xahiş edilib”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə