Rusiya prezidenti Vladimir Putin Rusiya sülhməramlılarına erməni hərbçilərin Dağlıq Qarabağın bəzi rayonlarından çıxmasından sonra ermənilərlə azərbaycanlılar arasında məişət zəminində münaqişələrə yol verməməyi tapşırıb.
O, Dağlıq Qarabağda Rusiya sülhməramlı missiyası ilə bağlı müşavirədə general-leytenant Rüstəm Muradovun diqqətini erməni bölmələri Ağdam, Laçın rayonlarından çıxdıqdan sonra orada dinc vətəndaşların, o cümlədən ermənilərin qaldığına yönəldib.
"Hər iki tərəflə, bu halda isə Azərbaycan tərəfi ilə əlaqə yaratmaq lazımdır ki, azad olunan rayonlarda vəziyyət sabit olsun və hər iki millətin insanlarının məişət zəminində heç bir qarşıdurma olmadan birlikdə yaşamalarına şərait yaradacaq şəkildə olsun", - deyə Putin bildirib.
"Bilirəm ki, sizin həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfi ilə yaxşı münasibətləriniz var. Ermənistan ordusunun boşaltdığı mövqeləri tutan insanlar, əlbəttə ki, münaqişə tərəfləridir. Lakin münaqişə başa çatıb", - deyə o əlavə edib.
Prezident qeyd edib ki, indiki halda məsuliyyət Azərbaycan tərəfinin üzərinə düşür.
"Mən Azərbaycan Prezidentinin mövqeyini bilirəm. O, gələcək işin təşkilinə məhz bu şəkildə və bu cür mövqedən yanaşır. Birinci mərhələdə hər iki tərəflə əlaqə yaratmalısınız ki, baş verənlər barədə məlumatınız olsun, bu məlumatın həm Ermənistan tərəfi, həm də azərbaycanlı həmkarlarla mübadiləsini vaxtında həyata keçirəsiniz", - deyə Putin bildirib.*