“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2020-ci ildə Azərbaycanda ÜDM-in 4,3% azalacağını proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, iyulda “Fitch” 2020-ci ildə Azərbaycan iqtisadiyyatının 4,2% azalacağını proqnozlaşdırmışdı.
“Fitch”in məlumatında qeyd olunur ki, 2020-ci ildə ÜDM-in 4,3% azalması COVID-19 pandemiyası səbəbindən iqtisadi məhdudiyyətlərin davam etməsi, neftin ucuzlaşması və OPEC+ sövdələşməsi çərçivəsində neft hasilatının azaldılması ilə əlaqədardır.
Agentliyin proqnozlarına görə, 2021-ci ildə ölkədə ÜDM 2,7% (iyul proqnozu 2,5%), 2022-ci ildə 2% (iyul proqnozu 2,8%) artacaq.
“Fitch” 2020-ci ilin yekunları üzrə Azərbaycanın xarici aktivlərinin 2019-cu ilin sonuna olan $50,4 milyarda qarşı $49,8 milyard təşkil edəcəyini gözləyir.
2020-ci ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri ÜDM-in 1,4%-i səviyyəsində olacaq. «Proqnozlarımıza görə, cari əməliyyatlar hesabı 2021-ci ildə ÜDM-in 3,8%-i, 2022-ci ildə isə ÜDM-in 4,9%-i səviyyəsində müsbət saldoya qayıdacaq”, - deyə məlumatda bildirilir.
“Fitch” 2020-ci ildə konsolidə edilmiş büdcə kəsirini ÜDM-in 5,7%-i səviyyəsində proqnozlaşdırır. "Biz 2021-ci ildə konsolidə edilmiş büdcə kəsirinin ÜDM-in 4,4%-dək və 2022-ci ildə ÜDM-in 1,1%-dək azalacağını proqnozlaşdırırıq, çünki neftin qiyməti və iqtisadi artım tədricən bərpa olunur", - deyə agentlik vurğulayır.
“Fitch Ratings”in qiymətləndirmələrinə görə, 2021-2022-ci illərdə Dağlıq Qarabağda və ətraf rayonlarda müharibədən sonrakı bərpa işləri üçün əsaslı xərclər ÜDM-in 0,6%-i həcmində artacaq.
Agentliyin proqnozlarına görə, 2020-ci ildə “Brent” markalı neftin bir barelinin orta qiyməti $40, 2021-ci ildə $45, 2022-ci ildə $50 təşkil edəcək.
Azərbaycan hökuməti dünya bazarlarında neftin qiymətindən asılı olaraq 2020-ci ilin yekunları üzrə ÜDM-in 2,9%-4,3% azalacağını proqnozlaşdırır.
2020-ci ilin yanvar-oktyabr aylarının yekunları üzrə Azərbaycanda ÜDM 3,8% azalıb.
2019-cu ildə respublikada ÜDM 2,2% artıb.*
A.Əzizov