Azərbaycan Ermənistanın döyüşlərdə əcnəbi muzdlulardan fəal istifadə etməsi ilə bağlı çoxsaylı foto və videosənədlərə malikdir. Bu sözləri Prezident İlham Əliyev deyib.
“Ermənistan əcnəbi muzdlulardan fəal istifadə edirdi. Bizdə çoxsaylı fotosənədlər və videosənədlər var, əcnəbi vətəndaşların, o cümlədən Fransa, ABŞ, Livan, Kanada, Gürcüstan və başqa ölkələrin vətəndaşlarının pasportları var. Bu vətəndaşların bir qismi erməni mənşəlidir, digərləri belə deyil. Lakin bu, məsələnin mahiyyətini dəyişmir, ona görə ki, Ermənistan tərəfində əcnəbi muzdluların iştirak etməsi, əlbəttə, yolverilməzdir”, - deyə dövlət başçısı bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bildirib.
“Bütün bunlara baxmayaraq, hərbi əməliyyatların nəticəsi hamıya məlumdur. Azərbaycan Ordusu parlaq hərbi qələbə qazandı və beləliklə, biz siyasi nizamlama müstəvisinə keçdik. Dünən Azərbaycan Ordusu Ağdam şəhərinə, Ağdam rayonunun işğal altındakı qalan hissəsinə daxil oldu. Beləliklə, Bəyanatın bəndləri yerinə yetirilir”, - deyə İ.Əliyev vurğulayıb.
O, həmçinin qeyd edib ki, Azərbaycan Rusiya sülhməramlı missiyasının yerləşdirilməsini alqışlayır.
“Bu missiya bizim müvafiq strukturlarla və bildiyimizə görə, Ermənistan tərəfi ilə də işgüzar əlaqəli şəkildə işləyir. Hesab edirəm ki, bu, vəziyyətin sabitləşməsi üçün mühüm amildir və Bəyanat imzalanan andan atəşkəslə bağlı hər hansı ciddi pozuntular olmayıb və əminəm ki, olmayacaq”, - deyə prezident əlavə edib.
“Biz Azərbaycan ərazisində atəşkəsin müşahidə edilməsi üzrə mərkəz yaradılması barədə Rusiya Federasiyası ilə Türkiyə arasında danışıqların fəal gedişini də alqışlayırıq. Hesab edirik ki, bu, regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün çox mühüm elementdir. Biz Türkiyə rəhbərliyinə və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana hərbi əməliyyatların dayandırılması üçün ilkin şərait yaradılmasında iştirakına görə təşəkkür edirik. Həm Rusiya, həm də Türkiyə - bizim üçün dost olan iki ölkə, iki qonşumuz atəşkəsə riayət edilməsi və atəşkəsə nəzarət tədbirlərində iştirak edəcəklər. Bu da bizim qonşularımız olan iki ölkə arasında, habelə regional əməkdaşlıq çərçivəsində qarşılıqlı fəaliyyət formatının möhkəmlənməsinə dəlalət edir. Ümidvaram ki, bugünkü atəşkəs və Ermənistan ilə münasibətlərin normallaşması barədə bizim planlarımız, - əgər onlar Ermənistan tərəfindən müsbət qəbul edilərsə, - regionda yeni vəziyyətin, əməkdaşlığın, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün şərait yarada bilər. Bu, hamının xeyrinə olar”, - deyə İ.Əliyev vurğulayıb.*
B.Rüstəmbəyov