Ankara və Moskva Qarabağda Aİ və NATO-nun edə bilmədiyini etməyə müvəffəq oldu. “Anadolu” agentliyinin məlumatına görə, bu sözləri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın NTV telekanalının efirində bildirib.
"Nə NATO, nə də Aİ faktiki olaraq Qarabağa dair konkret və reallaşdırıla bilən təkliflə çıxış etdi, halbuki Moskva və Ankara otuz illik münaqişənin həlli üzrə qarşılıqlı anlaşmaya nail ola bildi", - deyə o bildirib.
Kalın qeyd edib ki, Ankara Moskva ilə Qarabağ üzrə Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlı danışıqları davam etdirir.
"Dialoqun birinci mərhələsi başa çatıb. Rusiya tərəfi Ankaranın mövqeyi barədə məlumatlandırılıb. Dialoqda Türkiyənin Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və xüsusi xidmət orqanlarının nümayəndələri iştirak edirlər. Yaxın günlərdə mərkəzin yeri və iş prinsipləri müəyyənləşdiriləcək. Kimin hansı işə görə məsul olacağı dəqiq müəyyən ediləcək. Türkiyə hərbçiləri bu və ya digər şəkildə Qarabağ üzrə mərkəzdə olacaqlar", - deyə Kalın vurğulayıb.*