Noyabrın 30-da “AzerGold” QSC $10 milyon dəyərində istiqrazların emissiyasını həyata keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a Bakı Fond Birjasından məlumat verilir.
İstiqrazların tədavül müddəti 3 il, illik faiz dərəcəsi isə 4% təşkil edir (ödənişlər rübdə bir dəfə həyata keçiriləcək).
Emissiya nominal dəyəri 100 dollar olan 100 min istiqraza bölünüb.
İstiqrazların anderrayteri qismində “PAŞA Kapital İnvestisiya şirkəti” çıxış edəcək.
Bu, cəmiyyət tərəfindən planlaşdırılan 20 milyon dollar məbləğində istiqrazların emissiyasından ikinci tranş olacaq.
Xəbər verildiyi kimi, istiqrazların emissiyasından cəlb ediləcək vəsaitin isə “Çovdar” (Daşkəsən), “Köhnəmədən” (Balakən) və “Qaradağ” (Şəmkir-Gədəbəy) layihələri üzrə yeni yataqların resurslarının artırılmasına, yataqların yerüstü hissəsində istismar işlərinin sürətləndirilməsinə və çöl tədqiqat işlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərə tutulub. Adıçəkilən layihələrin istismarı yerləşdiyi bölgədə sosial-iqtisadi inkişafa töhfə verməklə yanaşı ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsinə imkan yaradacaq
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Nizamnamə kapitalı 37 milyon manat təşkil edir.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
N.Abbasova