Azərbaycan Ağdam əməliyyatı planlaşdırırdı, istənilən halda rayon erməni işğalından azad edildi. Bu sözləri Prezident İlham Əliyev deyib.
“Mən bilirəm ki, bizim şəhərlərimiz, rayonlarımız, kəndlərimiz işğaldan azad olunduqca ağdamlılar da fikirləşirdilər ki, nə vaxt onların kəndləri, Ağdam şəhəri azad olunacaq. Cəbrayıl azad olundu, Füzuli azad olundu, Hadrut azad olundu, Zəngilan, Qubadlı, Suqovuşan, Şuşa azad olundu və yəqin ki, ağdamlılar fikirləşirdilər ki, nə üçün Ağdam azad olunmur? İndi mən bunu deyə bilərəm”, - deyə dövlət başçısı noyabrın 23-də Ağdam şəhərinə səfəri zamanı bildirib.
“Burada beş müdafiə xətti var. Düşmən bizi buradan gözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək. Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yerə getməsin. Füzulini, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı azad edəndən sonra təbii ki, biz artıq Ağdam şəhərinə istiqamət götürmüşdük və əmr verilmişdi ki, növbəti istiqamət Ağdamdır. Düşmən də bilir və artıq etiraf edir ki, əgər onlar torpaqlarımızın azad edilməsi ilə bağlı mənim şərtlərimi qəbul etməsəydilər, burada məhv olacaqdılar”, - deyə prezident qeyd edib.
O əlavə edib ki, müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir.
“Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı. Biz Ağdamı onsuz da alacaqdıq. Amma itkilər olacaqdı, özü də böyük sayda. Ona görə Şuşanı və noyabrın 9-da 70-dən çox kəndimizi azad edəndən sonra düşmənin beli qırıldı, təslim oldu, ağ bayraq qaldırdı, mənim şərtlərimə əməl etdi və öz məğlubiyyətini etiraf etdi”, - deyə İ.Əliyev vurğulayıb.*
B.Rüstəmbəyov