Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, RF-nin vasitəçilik səyləri sayəsində Dağlıq Qarabağda vəziyyət sabitləşir.
"Son zamanlar Rusiya köhnə münaqişələrdən birinin həllində vasitəçi kimi bir sıra səylər göstərir. Dağlıq Qarabağda bizə dost olan Azərbaycan və Ermənistanın minlərlə vətəndaşının həlak olması ilə nəticələnən hərbi əməliyyatların dayandırılması üçün böyük səylər göstərmişik", - deyə Putin bu gün bildirib.
Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunda, xüsusilə onun həmsədrləri - Rusiya, ABŞ və Fransa arasında əldə edilmiş əsas razılaşmalara əməl edib.
“Əldə olunan əsas məsələ isə qan tökülməsinin qarşısının alınması oldu”, - deyə prezident qeyd edib.
Onun sözlərinə görə, hazırda Rusiya sülhməramlı kontingenti atəşkəsə əməl olunmasına nəzarət edir, mülki şəxslərin təhlükəsizliyini təmin edir, evlərinə qayıdan qaçqınları və humanitar yükləri müşayiət edir. Vəziyyət ümumilikdə sabitləşib.
Putin bildirib ki, bölgədə Rusiya humanitar əməliyyat mərkəzi fəaliyyətə başlayır. Mərkəz zərər çəkmiş rayonların sakinlərinə yardım göstərilməsi, infrastrukturun bərpası, normal dinc həyat üçün şəraitin yaradılması ilə məşğul olacaq.*