Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli bəyanatı Britaniyanın "Anglo Asian Mining" şirkətinə (AAM - Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) işğaldan azad olunmuş ərazilərdə yerləşən müqavilə sahələrinin işlənməsi planlarını dəqiqləşdirməyə imkan verir. Bu barədə şirkətin məlumatında deyilir.
"Şirkət artıq əlçatan olan ərazilərdə yerləşən üç müqavilə sahəsinə dair planları barədə müəyyən edilmiş vaxtda bazara məlumat verəcək", - deyə məlumatda bildirilir.
AAM qeyd edir ki, Qarabağda hərbi əməliyyatlar zamanı şirkətin Gədəbəydəki müəssisələri fiziki ziyan görməyib və normal fəaliyyət göstərir. Hərbi xidmətə çağırılan heyət üzvlərinin xidmətdən qayıtdıqdan sonra gələn ilin əvvəlində işə başlaması gözlənilir.
"Ümumilikdə bu il şirkət üçün çətin bir il olub. Çətinliklər hələ COVID-19 pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərlə başlayıb. İl Azərbaycan ilə Ermənistan arasında sənədin imzalanması ilə başa çatır və onun icrasını sülhməramlı qüvvələr təmin edəcək. Bütün bunlara baxmayaraq, şirkət səhmdarlara dividend ödəyir", - deyə şirkətin icraçı direktoru Reza Vəziri bildirib.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” müqavilə sahəsində iki açıq mədəndən (“Gədəbəy” və “Uğur”) və bir yeraltı mədəndən (“Qədir”) qızıl, gümüş və mis hasil edir.
2019-cu ildə “Anglo Asian Mining” Azərbaycanda 81,399 min unsiya qızıl ekvivalentində qiymətli metal, o cümlədən 70,098 min unsiya qızıl hasil edib.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin, 2015-ci ilin yayında “Qədir” yatağının, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağının işlənməsinə başlayıb.*
N.Abbasova