Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı iki ölkə arasında ticarət həcmlərinin artırılması məsələsini, eləcə də Qarabağ, Suriya və Liviyadakı vəziyyəti müzakirə edib. Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
“Ərdoğan və Putin Türkiyə ilə Rusiya arasında ticarət əlaqələrinin genişləndirilməsi məsələsini, Qarabağ, Suriya və Liviyadakı hadisələri müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Ərdoğan qeyd edib ki, Ankara Dağlıq Qarabağda yaradılacaq Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin tez bir zamanda fəaliyyətə başlamasını gözləyir.
“Anadolu” agentliyinin məlumatına görə, telefon danışığı zamanı Türkiyə Prezidenti vurğulayıb ki, Dağlıq Qarabağda atəşkəs sazişi çərçivəsində erməni tərəfinin öz öhdəliklərindən yayınmasına imkan verilməməlidir.*