Çərşənbə günü Azərbaycan Ordusu iki istiqamətdən Kəlbəcər rayonuna daxil olub. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
“Azərbaycan Ordusunun bölmələri iki istiqamətdən Kəlbəcər rayonuna daxil olub. Bunlar Göygöl rayonunun Toğana kəndi və Daşkəsən rayonu istiqamətləridir. Hazırda Azərbaycan Ordusunun texnikaları Kəlbəcər rayonuna hərəkəti davam edir. Azərbaycan Ordusu daxil olaraq Kəlbəcər ərazisini tam nəzarətə götürəcək”, - Dərgahlı bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, noyabrın 25-nə keçən gecə mühəndis işləri aparılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənib və istifadəyə hazır vəziyyətə gətirilib.
“Hərbi maşınların və şəxsi heyətin Kəlbəcərə gətirilməsi üçün bütün zəruri şərait yaradılıb. Bilirsiniz ki, Kəlbəcərin ərazisi dağlıq ərazidir, hündürlük, təxminən 3,5 min metr təşkil edir. Bölmələrimiz Azərbaycan-Ermənistan dövlət sərhədinə çıxacaq və yüksəkliklərdə mövqelər tutacaq”, - o vurğulayıb.
Azərbaycan, Rusiya Federasiyası prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə qaytarılıb. **
X.Nəsirzadə