2020-ci ilin sonunda Azərbaycan qazının Avropaya kommersiya məqsədli nəqlinə başlanacaq. Bu barədə Energetika Nazirliyi məlumat verir.
“Energetika naziri Pərviz Şahbazov İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massarini qəbul edib.Görüşdə Azərbaycan və İtaliya arasında münasibətlərin iqtisadiyyatın bir çox sahələrində uğurla inkişaf etdiyi, uzunmüddətli əməkdaşlıq əlaqələrində enerji sektorunda əməkdaşlığın mühüm rol oynadığı qeyd edilib. Bu əməkdaşlığın mühüm elementi sayılan Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin İtaliya və digər Avropa istehlakçıları üçün əhəmiyyətindən bəhs edilib, layihənin kommersiya fəaliyyəti üçün hazır olduğu,cari ilin sonunda Azərbaycan qazının Avropaya kommersiya məqsədli nəqlinə başlanmasının nəzərdə tutulduğuvurğulanıb”, - məlumatda qeyd olunur.
Görüşdəiki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, enerji sektorunda investisiya imkanları ətrafında fikir mübadiləsi aparılıb,İtaliya şirkətlərinin müxtəlif sahələrdəki layihələrdə, eləcə də ənənəvi və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində iştirakı məsələsinə toxunulub, şirkətlərin Azərbaycanda investor kimi fəaliyyətlərinin genişləndirməsi imkanları müzakirə edilib.
Xüsusilə, Massari İtaliyanın infrastruktur sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-yenidənqurma işlərinin aparılmasına marağını ifadə edib.
“Həmçinin Şahbazov və Massari Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələlərini müzakirə ediblər”, - məlumatda qeyd olunur.
Trans-Adriatik boru kəmərinin tikintisi üzrə konsorsium 2020-ci il oktyabr ayının 13-də qaz kəmərinin tikintisinin başa çatdığını elan edib.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Azərbaycan qazının TAP ilə Avropaya nəqlinə 2020-ci ilin sonunadək başlanılacaq.
Layihənin səhmdarları SOCAR (20%), BP (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
Layihənin dəyəri 4,5 milyard avrodur.
TAP-ın təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanda keçirilib.**
N.Abbasova