2018-2020-ci illər ərzində “Çovdar” yatağında qızıl və gümüş hasilatından «AzerGold» QSC-nin gəlirləri 527,3 milyon manat (cari məzənnə ilə $310,2 milyoN - İF). Bu barədə QSC-dən məlumat verilir.
“AzerGold” tərəfindən dünya bazarlarına ilk ixracın reallaşmasından son 3 il ərzində 213,4 min unsiyadan çox qızıl və 372,7 min unsiyadan çox gümüş realizə olunub. Bu əməliyyatlar nəticəsində Azərbaycanın gəlirləri 527,3 milyon manatı ötüb”, - məlumatda qeyd olunur.
Hesabat dövründə bu vəsaitin 39,3 milyon manatı vergi və sosial köçürmələr şəklində dövlət büdcəsinə ödənilib , bu məbləğin 33,7 milyon manatı vergi, 5,6 milyon manatını isə Dövlət Sosial Müdafiə Fonduna köçürmələr təşkil edir. B
“Bu 3 il ərzində səmərəli fəaliyyət nəticəsində 35 milyon manat həcmində bölüşdürülməmiş mənfəət formalaşıb, bu məbləğin 15 milyon manatı QSC-nin nizamnamə kapitalının artırılmasına yönəldilib”, - məlumatda deyilir.
2019-cu ildə şirkət 59,2 min unsiya qızıl və 110,9 min unsiya gümüş ixrac edib. 2020-ci ildə bu göstəricilər 55,2 min unsiya qızıl (azaıma 6,8% - İF) və 103,7 min gümüş (azalma 6,5%- İF) səviyyəsində proqnozlaşdırılır.
Hazırda “AzerGold” qızıl və gümüş hasilatı və ixracını yerüstü işlənmə mərhələsi çərçivəsində yalnız “Çovdar” yatağından həyata keçirir.
Çovdar filiz emalı sahəsi Daşkəsən rayonunun şimal hissəsində yerləşən, məxsusi və kompleks qızıl yataqları olan bir sahədir. Sahədə Çovdar qızıl yatağı daxil olmaqla, 30 məxsusi qızıl, 20 az sulfidli mis-qızıl, 50 mis-polimetal təzahür və minerallaşma nöqtələri məlumdur.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Nizamnamə kapitalı 37 milyon manat təşkil edir.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
N.Abbasova