Kəlbəcər rayonu işğaldan azad olundu və Azərbaycanın nəzarətinə keçdi. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Əziz həmvətənlər. Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu və Azərbaycanın nəzarətinə keçdi. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur”, - İlham Əliyev çərşənbə günü xalqa müraciətində bildirib.
“Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi”, - dövlət başçısı qeyd edib.
Əliyev qeyd edib ki, Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı.
“Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir”, - Əliyev bəyan edib.
Azərbaycan prezidenti Kəlbəcər rayonuna nəzarətin itirilməsinə görə məsuliyyəti o vaxt hakimiyyətdə olan Xalq Cəbhəsinin üzərinə qoydu. “Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir”, - dövlət başçısı əlavə edib. **
B.Rüstəmbəyov