Rusiya ATƏT-in Minsk qrupunun Cənubi Qafqazla sərhədi olan yeganə həmsədr ölkəsidir və bu səbəbdən bölgədə sülh və sabitlikdə maraqlıdır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belə hesab edir.
“Rusiya ATƏT-in Minsk qrupunun Cənubi Qafqazla sərhədi olan yeganə həmsədr ölkəsidir və bu səbəbdən bölgədə sülh və sabitlikdə maraqlıdır. Həm Ermənistan, həm də Azərbaycanla münasibətləri baxımından, şübhəsiz ki, bu ölkə həm də Rusiya prezidenti tərəfindən imzalanan razılaşmanın həyata keçirilməsində həlledici rol oynaya bilər”, - Bayramov Fransanın “Le Point” jurnalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiyanın sülhməramlıları rəsmi Bakının dəvəti ilə üçtərəfli bəyanatın bəndlərinin reallaşdırılmasının təminatı məqsədilə Azərbaycan gəliblər.
Bayramov ATƏT-in Minsk qrupunun çox səmərəli olduğunu hesab etmir.
Həmçinin, nazir vurğulayıb ki, Fransa Qarabağda son hadisələr ilə əlaqədar neytrallığını qoruya bilmədi. “Təəssüf ki, Fransanın rəsmi şəxslərinin son bəyanatları birtərəfli və qərəzli idi. Biz Fransadan yalnız beynəlxalq hüquqa ciddi riayət etməsini gözləyirik”, - o əlavə edib. **
A.Əzizov