Azərbaycan Naxçıvan Muxtar Respublikası ilə dəmir yolunun bərpası üzrə ilkin işlərə başlayıb. Bunu prezident İlham Əliyev deyib.
“Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilib”, - Əliyev çərşənbə günü Azərbaycan xalqına müraciətində bildirib.
Bundan başqa, dövlət başçısı məlumat verib ki, Bərdə-Ağdam dəmir yolunun bərpası ilə əlaqədar artıq praktiki addımlar atılıb. “Ağdam rayonunun bərpası və gələcəkdə orada yaşayacaq insanların rahatlığı üçün bu yol mütləq olmalıdır”, - Əliyev bildirib.
O həmçinin qeyd edib ki, Füzuli rayonundan Şuşa şəhərinə avtomobil yolunun tikintisnə artıq başlanılıb. “Bu yol Xocavənd rayonunun bir hissəsindən keçəcək. Göstəriş vermişəm ki, bu, tezliklə təmin edilsin. Halbuki bu, böyük həcmdə işdir, orada yol olmayıb və meşələrin içi ilə yol salınır, dərələr, təpələr, çox ağır relyef var orada. Lakin biz bunu edəcəyik”, - Əliyev qeyd edib.
Naxçıvana dəmir yolunun açılması noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı və Dağlıq Qarabağda atəşin dayandırılmasını nəzərdə tutan üçtərəfli bəyanatın bəndlərindən biridir. **
N.Abbasova