Rəsmi Bakı Dağlıq Qarabağda erməni əahalisinin təhlükəsizliyinə zəmanət verir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Azərbaycan Konstitusiyası etnik mənsubiyyətindən, dinindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşı bərabər hüquqlar ilə təmin edir və azadlıqlarını qoruyur. (...) Dağlıq Qarabağın gələcəyi onun iqtisadi, mədəni və insan resurslarının inkişafı ilə müəyyənləşdiriləcəkdir. Azərbaycan sülh, təhlükəsizlik və qarşılıqlı hörmət şəraitində Dağlıq Qarabağdakı azərbaycanlı və erməni icmalarının birgə yaşayışını təmin etməyə hazırdır”, - Bayramov Fransanın “Le Point” jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, tarixi faktlara əsasən, ermənilər 1813-cü ildə “Gülüstan” və 1828-ci ildə imzalanan “Türkmənçay” müqavilələrindən sonra 19-cu əsrin əvvəllərində Dağlıq Qarabağda yerləşdirilib.
“Amma xatırlayaq ki, orada yaşayan azərbaycanlılar və onu əhatə edən Azərbaycanın yeddi rayonunda yaşayanlar 1990-cı illərin əvvəllərində işğaldan sonra Ermənistanın həyata keçirdiyi etnik təmizləmənin qurbanı oldular”, - nazir qeyd edib.
XİN baçısı bildirib ki, Azərbaycan və Rusiya prezdentləri, həmçinin Ermənistanın baş nazirinin imzaladığı 9 noyabr tarixli üçtərəfli bəyanatda Dağlıq Qarabağın statusuna dair bir kəlmə belə yoxdur.
Bayramov əlavə edib ki, Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törətmiş şəxslər məsuliyyətə cəlb olunmalı və əməllərinə görə cavab verməlidirlər.
“Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın siyasi-hərbi rəhbərliyindən, ərazilərimizi qanunsuz olaraq işğal edib mülki şəxslərə qarşı hərbi cinayətlər törədənlərdən, Gəncə, Bərdə və Azərbaycanın digər yaşayış yerlərdəki günahsız mülki şəxslərə qarşı hücum əmri verənlərdən danışdığını açıq şəkildə bildirdi. Əlbəttə ki, hərbi cinayətlər törətmiş şəxslər əməllərinə görə cavab verməlidirlər”, –XİN başçısı bildirib. **
X.Nəsirzadə