31 oktyabr 2020-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 30 milyard 685,1 milyon manat təşkil edir. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2020-ci il tarixinə bankların aktivləri 32 milyard 722,8 milyon manat məbləğində olub. Beləliklə, yanvar-oktyabr aylarında bankların aktivləri 6,2% azalıb.
Oktyabrda bankların aktivləri 66,1 milyon manat və ya 0,2% artıb.
Hesabat dövrünün sonuna bankların kredit portfeli 14 milyard 409,3 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 3,3%) təşkil edir.
2020-ci il oktyabrın 31-nə Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 593,8 milyon manat (artım 0,2% - İF) təşkil edir.
Oktyabr ayının sonuna bankların öhdəlikləri 26 milyard 91,3 milyon manata (azalma 7,3%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 375,8 milyon manat məbləğində (artım 15,2%) qiymətləndirilir. Noyabrın əvvəlinə banklarda depozit portfeli 19 milyard 407,5 milyon manat (azalma 9%), əhalinin əmanətləri 7 milyard 760,7 milyon manat (azalma 8,8%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, yanvar-oktyabr aylarında Azərbaycanda bankların ümumi xalis mənfəəti 478 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 16,6% azdır.
Yanvar-oktyabr aylarında bankların faiz gəlirləri 1 milyard 592,1 milyon manat (2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə azalma 0,1% - İF), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 261,5 milyon manat (artım 9,3%) təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 538,6 milyon manat (azalma 6,5%) məbləğində olub.
Bu dövrdə bankların faiz xərcləri 408,2 milyon manat (azalma 10,1%), o cümlədən depozitlər üzrə 258,3 milyon manat (azalma 16,6%), qeyri-faiz xərcləri 1 milyard 1,2 milyon manat (artım 6,3%) təşkil edib.
Yanvar-oktyabr aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 665,6 milyon manat (azalma 8%) təşkil edib.
2020-ci ilin yanvar-oktyabr aylarında bankların vergi ödənilənədək ümumi mənfəəti 612,6 milyon manat (azalma 3%) məbləğində qiymətləndirilir, hesabat dövründə mənfəət vergisi üzrə ödənişlər 134,6 milyon manat (artım 2,3 dəfə) təşkil edib.
31 oktyabr 2020-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Oktyabrın sonuna bankların 444 filialı (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 12,8%) və 116 şöbəsi (azalma 12,8%) var.
Azərbaycanın bank sektorunda 18,536 min nəfər (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 4,7% - İF) çalışır.**
Ə.Məmmədov