Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha altı hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) məlumat verilir.
“ICAO-nun yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, azad edilmiş ərazilərdə - Ağdam, Fizuli və Xankəndidə yerləşən hava limanları da daxil olacaq. Bu, beynəlxalq aviasiya qurumlarının ölkəmizin ərazi bütövlüyünü tanımasının növbəti təzahürüdür”, - məlumatda AZAL-ın prezidenti Cahangir Əsgərovun sözlərindən sitat gətirilir.
Hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aeronaviqasiya xidmətinə görə məsuliyyət Çikaqo konvensiyasının (ICAO-nin 7300 nömrəli sənədi) prinsiplərinə uyğun olaraq AZANS Hava Hərəkəti İdarəsinə həvalə edilib. Bu məsuliyyət hədləri ICAO Şurası tərəfindən təsdiq edilib və Azərbaycanın suveren ərazilərinə müvafiqdir.
“İşğal edilmiş ərazilər üzərində hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olmuşdur. Həmin ərazidəki mülki aviasiya infrastrukturu ciddi şəkildə zərər çəkmiş və tam dağılmış vəziyyətə gətirilib. Beynəlxalq uçuşların həyata keçirilməsi məqsədilə, uzun illər Ermənistan işğalı altında qalan ərazilər üzərində aeronaviqasiya təminatının bərpa edilməsi üzrə işlər yerinə yetiriləcək. Bütün bunlar mülki aviasiyanın təkcə regional səviyyədə deyil, həm də qlobal miqyasda inkişaf etməsinə kömək edəcək”, - məlumatda qeyd olunur. **
N.Abbasova