Çərşənbə günü Azərbaycan və İran XİN başçıları Ceyhun Bayramov və Cavad Zərif arasında videokonfrans formatında görüş keçirilib. Bu barədə XİN-dən məlumat verilir.
“Görüşdə nazirlər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Araz çayı üzərində bir sıra birgə layihələr və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər”, - məlumatda bildirilir.
Bundan başqa, diplomatlar əməkdaşlığın Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyası çərçivəsində davam etdirməsinin vacibliyini vurğulayıblar.
“Həmçinin tərəflər Azərbaycan və İran arasında ikitərəfli qaydada olduğu kimi, çoxtərəfli regional formatlarda da əməkdaşlığın davam etdirməyin zəruriliyini qeyd ediblər”, - məlumatda qeyd olunur.
Eyni zamanda, Bayramov Azərbaycan tarixinin xüsusi dövründə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə verdiyi dəstəyə və səsləndirilən bəyanatlara görə İran tərəfinə təşəkkürünü ifadə edib. O, Azərbaycan-İran sərhədinin tam bərpa edildiyini həmsöhbətinin diqqətinə çatdırıb
“Azərbaycan ərazilərinin işğaldan azad olunması İran ilə daha da geniş əməkdaşlıq üçün yeni fürsətlər və perspektivlər yaradıR”, - Bayramov qeyd edib.
Öz növbəsində, Zərif əlavə edib ki, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı irəliləyişin əldə edilməsi üçün yardımçı olmağa İran hər zaman hazırdır. **
X.Nəsirzadə