2020-ci ilin 10 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin 20%-dən çoxu İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin payına düşüb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Cari ilin yanvar-oktyabr aylarının yekunları üzrə xarici ticarət dövriyyəsinin 22%-i İƏT-ə üzv ölkələrin payına düşüb”, - deyə o, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 36-cı sessiyasında çıxışı zamanı bildirib.
Nazir ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün İƏT qurumları arasında tərəfdaşlıq layihələrinin artırılmasının önəmini vurğulayıb.
Cabbarov qeyd edib ki, Azərbaycan İslam İnkişaf Bankı ilə uğurlu əməkdaşlıq həyata keçirir.
“İndiyədək bank tərəfindən ölkəmizdə müxtəlif sahələrə 1 milyard dollaradək maliyyə vəsaiti ayrılıb. Azərbaycan üçün İƏT siyasi baxımdan da xüsusi önəm kəsb edir. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ilk üzv olduğu beynəlxalq qurum məhz İƏT-dir”, - deyə o əlavə edib.
M.Cabbarov işğaldan azad olunmuş Qarabağ regionunda yeni infrastruktur və tikinti layihələrinin həyata keçirilməsinin ölkəmizin qarşısında duran əsas vəzifələrdən olduğunu, investisiya qoyulması üçün geniş imkanlar yaradılacağını vurğulayıb, İƏT-ə üzv olan ölkələri işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək layihələrdə əməkdaşlığa dəvət edib.*
B.Rüstəmbəyov