Bu gün Azərbaycanın Fransa səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, aksiya bir sıra qeyri-hökumət təşkilatları tərəfindən təşkil olunub.
İştirakçılar "Qarabağ Azərbaycandır", "Fransa, beynəlxalq hüquqa hörmət elə!", “Fransa, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz qərarlarına hörmət elə!”, “Fransa, BMT TŞ-nin qətnamələrinə hörmət elə!”, "Fransa, ATƏT-dən rədd ol!" kimi şüarlar səsləndiriblər.
Etirazçıların qəbul etdikləri bəyanatda bildirilib ki, Fransa Senatının qəbul etdiyi qətnamədə əks olunmuş müddəalar noyabrın 10-da Azərbaycan, RF və Ermənistan liderləri arasında əldə edilmiş razılaşmaya birbaşa təhdiddir.
“Biz bu qətnaməni pisləyir və ləğv edilməsini tələb edirik. Senatın bədnam qətnaməsi ləğv olunana qədər isə Fransa ilə bütün əlaqələrin dayandırılmasını tələb edirik. Senatın qəbul etdiyi qətnamə BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa adına böyük rüsvayçılıq və qara ləkədir. Fransa ATƏT-in Minsk qrupunun həmsədrlik mandatından və vasitəçilik missiyasından imtina etməli, Parisdəki səfirimiz geri çağırılmalıdır”, - deyə bəyanatda qeyd olunur.
Aksiyada onlarla insan iştirak edib.*
X.Nəsirzadə