Azərbaycanın aşağı büdcəli aviaşirkəti «Buta Airways» dekabrın 10-dan Bakı-İzmir-Bakı marşrutu üzrə xüsusi reyslərin sayını iki dəfə artıracaq.
Dekabr ayının 10-dan etibarən bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək”, - deyə aviaşirkətin məlumatında bildirilir.
Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – "Standart" və "Super".
Təyyarəyə əl yükü qismində yalnız qadın əl çantası, kişi portfeli, portativ kompüter çantası (yalnız təyinatı üzrə istifadə edilməlidir) və uşaq qidası götürülə bilər. "Duty Free" mağazalarından alınan əşyalar daxil olmaqla digər əl yükü növləri qadağandır.
Bakı-İzmir-Bakı marşrutu üzrə biletlər "Buta Airways" aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və rəsmi agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur.
Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.
Uçuşa yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirusa (COVID-19-a) dair test verən və nəticəsi neqativ olan sərnişinlər buraxılacaq. Testin nəticələri tibbi arayış alındıqdan sonra 48 saat ərzində etibarlıdır.*
N.Abbasova