2020-ci ilin yanvar-oktyabr aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 8,9% - 7 milyard 870,3 milyon manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 7,4% - 4 milyard 173,3 milyon manatadək və ya bütün əmanətlərin 53%-i səviyyəsində azalıb (2019-cu ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 52,2% təşkil edib). Sentyabr ayının sonuna dollarlaşma 53,9% səviyyəsində olub.
Yanvar-oktyabr aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 10,5% - 3 milyard 697 milyon manatadək (bütün əmanətlərin 47%-i) azalıb.
31 oktyabr 2020-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 milyard 588,5 milyon manat, qeyri-rezidentlərin – 281,8 milyon manat təşkil edir. İlin əvvəlindən rezidentlərin əmanətlərinin həcmi 7,5%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 35,1% azalıb.
Oktyabrın 31-nə banklarda əmanət və depozitlərin həcmi 22 milyard 442,1 milyon manat təşkil edir ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 9,3% azdır.*
Ə.Məmmədov