Azərbaycan və Türkiyə Qarabağda birgə texnopark yaratmağı planlaşdırır. Bunu İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli deyib.
"Azərbaycanda “Bogazici Ventures” fondunun nümayəndəliyinin açılmasından sonra Türkiyə ilə əməkdaşlıq imkanları genişlənib və Qarabağda birgə texnoparkın yaradılması planlaşdırılır", - deyə Kərimli bildirib.
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi Prezident İlham Əliyevin 6 noyabr 2018-ci il tarixli Fərmanı ilə yaradılıb.
İnnovasiyalar Agentliyi yerli sahibkarlara müasir texnologiya və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərən, onların transferini təşkil edən, innovasiyaya əsaslanan elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, o cümlədən startapları stimullaşdıran, onları qrant, güzəştli kredit və vençur vasitəsilə maliyyələşdirən agentlikdir.
Agentliyin əsas məqsədi İKT sektorunun davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması, yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasıdır.
İnnovasiyalar Agentliyinin hədəfi “Made in Azerbaijan” brendi ilə innovativ və yüksək texnoloji məhsul istehsalına və xidmətlərin göstərilməsinə təkan vermək, habelə mövcud yerli brendlərin beynəlxalq arenaya çıxmasına şərait yaratmaq,rəqəmsal transformasiya məqsədli məhsul və xidmətləri müəyyənləşdirmək, robot və bulud texnologiyalarına, irihəcmli məlumatların emalına, süni intellektə əsaslanan həlləri dəstəkləməkdir.*
B.Rüstəmbəyov